LUX.AZ > Xəbərlər > Bakıda məktəb direktoru qadın müavinini döyüb

Bakıda məktəb direktoru qadın müavinini döyüb


11-09-2010, 15:22. Yazar: Admin

Bakıdakı orta məktəblərdən birində direktor müavinini döyüb.
Mega Production-nın məlumatına görə, hadisə Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbdə baş verib. Məktəbin direktor müavini Fazilə Muradova APA-ya açıqlamasında sentyabrın 7-də məktəbin direktoru Abbasqulu Quliyevin ona ciddi xəsarət yetirdiyini bildirib: “Sentyabrın 7-də işdə tabel jurnalına imza atan zaman direktor qəflətən arxadan qolumdan zərbə endirdi, sonra isə tabel jurnalını cırdı. Bu hadisədən sonra iki gün səhhətimdə problemlər yarandı, dəfələrlə üstümə təcili yardım çağırıldı. Aramızdakı münaqişənin səbəblərinə gəlincə, o öz yerinə qızını direktor qoydurmaq, özü isə mənim yerinə keçmək istəyir. Əvvəllər onun həyat yoldaşı bizim məktəbdə direktor olub, sonra onu cinayət işi ilə əlaqədar məktəbdən çıxarıblar. Yəni indiki direktor həyat yoldaşının yerinə gəlib, ötən ilin sentyabrından bu vəzifədədir. O, pensiya yaşında olmasına baxmayaraq burada rəhbərlik edir. Bilmirəm necə olur ki, bu əmək haqqı ilə onun bir neçə yerdə evi, bahalı avtomobili var”.

F. Muradova, həmçinin qeyd edib ki, bu gün məktəbdə keçirilən iclasda bütün müəllim heyətinin gözü qarşısında direktor onu iclasa buraxmayıb: “Mən 1988-ci ildən bu məktəbdə işləyirəm. Bu hadisədən sonra şagirdlərimin qarşısına necə çıxacağam? İşi-gücü hamını şantaj etmək, müxtəlif yollarla hamını mənə qarşı qaldırmaqdır. O məni vurandan sonra ekspertizadan keçdim, ekspertizanın rəyi ilə yanaşı, bütün sənədlər var. Bu məktəbdə ya o qalmalıdır, ya mən. Mən artıq onunla bir yerdə işləyə bilmərəm”.

F. Muradova direktorun bir neçə müəllimlə davamlı olaraq münaqişəsinin olduğunu, eləcə də təhsil ocağında şagirdlər qarşısında tez-tez nalayiq ifadələr işlətdiyini də deyib.

Məsələyə münasibət bildirən direktor Abbasqulu Quliyev isə Fazilə Muradovaya fiziki təzyiq göstərmədiyini, deyilənlərin yalan olduğunu qeyd edib: “Mənim onunla yeganə davam davamiyyət üstündədir. O, işinə laqeyd yanaşır, vaxtı-vaxtında işə gəlmir. Özü öz əlini göyərdib, bunu mənim etdiyimi deyir. Onun bütün iddiaları əsassızdır. O mənim yerimə göz dikib. Mənim onun burada işləməsinə heç bir etirazım yoxdur”.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya açıqlamasında hadisə qeyri-iş gününə təsadüf etdiyindən insidentdən bu gün xəbər tutduqlarını deyib. O, Bakı şəhər üzrə Baş Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva tapşırığı ilə hadisənin araşdırıldığını bildirib.

Geriyə qayıt