Qeydiyyat    Giriş
Giriş
» » Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilənlər barəsində həbs-qətimkan tədbiri seçilib

Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilənlər barəsində həbs-qətimkan tədbiri seçilib

Bölmə: Xəbərlər

Hadisənin qadın iştirakçısı barəsində də cinayət işi başlanıb
Azərbaycanın xalq artisti Faiq Ağayevə xəsarət yetirməkdə təqsirləndirilərək saxlanılan şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, müstəntiqin təqdimatı əsasında hadisənin iştirakçıları olan, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov və CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, məlum hadisə ilə bağlı cinayət işinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işinin həmin məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

İstintaq qrupu hər iki tərəfin ifadəsini alıb. Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən Rüfət Məlikov ilkin dindirilmə zamanı münaqişənin müğənninin avtomobilinə yol verməmək üstündə baş verdiyini bildirib: “Münaqişə mən maşınımla gedən zaman yol verməmək üstündə baş verdi. Heç ona yol verməyə imkan da yox idi. Ona görə də maşını sürməyə davam etdim. Bu zaman maşını yanıma sürüb, saxlatdırmaq istəyirdilər. Cangüdənlər məni söyürdü. Onlara əhəmiyyət verməyib evimizə getdim. Lakin onların hirsi soymayıb dalımca qapımıza qədər gəldilər. Onlar maşından düşən kimi məni təhqir edib, söyməyə başladılar. Faiq cangüdənlərinə göstəriş verdi ki, bunları tapdalayın, ağıllansınlar. Yanımda olan xalaoğlum və bir qız qorxularından həyətə qaçmışdılar. Faiq Ağayev onları həyətdən sürüyə-sürüyə bayıra çıxartdırdı və bizi vurmağa başladılar. Mən də müdafiə olunmaq üçün cibimdə olan yağ bıçağını çıxarıb onları vurdum”.

Rüfət Məlikov, həmçinin törətdiyi əməldən peşman olmadığını və bu addımı özünü müdafiə məqsədilə atdığını bildirib. Hadisənin digər iştirakçısı olan Seymur Məmmədov və Natəvan Şərifova da ifadələrində Rüfət Məlikovun dediklərini təsdiqləyiblər.

Faiq Ağayev, onunla birgə bıçaqlanan Ramin Bayramov və Azər Musayev ifadələrində təqsirləndirilən şəxslərin dediklərinin təkzib ediblər. Onlar bu cinayətdə adı hallanan üç nəfərin hücumuna məruz qaldıqlarını, təhqir olunduqlarını və nəticədə çoxsaylı bıçaq xəsarətləri aldıqlarını bildiriblər.

Bundan başqa işi araşdıran Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov faktla bağlı saxlanılan R. Məlikovun ruhi xəstə olduğunu deyib. Bildirib ki, o, 2006-cı ildə qəsdən sağlamlığa ağır zərər vurma və zəruri müdafiə həddini aşaraq qəsdən adam öldürmə maddələri ilə təqsirli bilinərək həbs edilib. 2007-ci ildə isə eyni maddələrlə təqsirli bilinərək Apelyasiya Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu il avqust ayında isə ruhi xəstə olduğu üçün Şabran rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, məlum hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə qeydə alınıb. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©