Qeydiyyat    Giriş
Giriş
» » Nərgiz Qəhrəmanova yazır: "Kəlağayı Azərbaycanın nadir sənət incisidir"

Nərgiz Qəhrəmanova yazır: "Kəlağayı Azərbaycanın nadir sənət incisidir"

Bölmə: Xəbərlər
Nərgiz Qəhrəmanova yazır: "Kəlağayı Azərbaycanın nadir sənət incisidir"
Kəlağayılar şərbaf karxanalarında xüsusi ustalıqla toxunmuş zərif ipək parçalar üzərində milli ornamentli əlvan rəngli naxışların vurulması ilə hazırlanır. Zəngin çeşidləri olan Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar.

Kəlağayıların hazırlanmasında, əsasən, basma naxış üsulundan istifadə olunur. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Bu naxışların içərisində "Günəş”, "simayi-şəms”, "haşiyə”, "şax”, "buta”, "mədahil”, "xarı bülbül”, "heyratı”, "xətayi”, "kəpənək”, "çobanyastığı”, "çiyələk” və "aypara” daha məşhurdur. Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça) adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır. Onun istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat kimi bitki növlərindən boyaqlar hazırlanır.

Respublikamızın qədim tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikməyi bacardıqlarını sübut edir. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdə mövcud olduğunu deməyə əsas verir. Bu baxımdan ipək məhsullardan hazırlanan, qadın baş örtüyü olan kəlağayı qədim Azərbaycanın geyim növləri arasında çox yüksək bir mövqeyə malik olmuşdur.

Şəkidə əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi vardır. Azərbaycan qadınlarının milli başörtüyü olan kəlağayı Şəkidən başqa Basqal, Gəncə, Şamaxı, Lahıc, Ordubad və Xanabadda da toxunmuşdur. Lakin müxtəlif ərazilərdə istehsal olunan kəlağayı bir-birindən rəng, bəzək ünsürlərinə, toxunuş sapının qalınlığı, nazikliyinə və digər xüsusiyyətlərə görə seçilmişdir. Məsələn, Şamaxının və Basqalın heyratı (çox rəngli və bəzəkli) kəlağayıları Şəkinin ilanı yelən, ağxalı, qoşa yelənli, qələmkər, içgüllü qara, yaşıl soğanı, innabı kəlağıyalarından fərqlənir.

Azərbaycan ərazisində "Bəstə-nigar”, "Gəlinlik”, "Qızılı”, "Mixəyi”, "Noxudu”, "Yaşıl-qara”, "Zeytun”, "Bənövşəyi”, "Ağzəmin-zanbağı”, "Ağzəmin-qızılı” və s. adlarla tanınan kəlağayı növləri mövcud olmuşdur. Bu kəlağayı

nümunələri bir-birindən fərqlənir. Onların hər birinin adı fəlsəfi anlam daşıyır. Daxili məna yükü ilə kəlağayı bütöv bir millətin yaşayış, duyum, qavrama və təfəkkürünün ifadə vasitəsidir.
Kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri yerli əhalinin gündəlik məişətinə də sirayət etmişdir. Belə ki, şirniyyat və çörək məmulatlarında, türbə və qəbirüstü abidələrdə kəlağayıya məxsus elementləri görmək mümkündür. Bu baş örtüyünə gözəllik, təmizlik rəmzi kimi Azərbaycan folklorunda, poeziyasında, habelə təsviri və dekorativ sənətində də tez-tez rast gəlinir. Sözsüz ki, bütün bunlar kəlağayı ornamentlərinin bir çox dünya xalqlarının incəsənətində də yer almasına gətirib çıxarmışdır.

Bu nadir sənət incisinin orijinal xüsusiyyətləri Azərbaycanın təəssübkeş ziyalılarının da diqqətini cəlb etmiş, mədəniyyət sahəsində aparılan uğurlu siyasətin nəticəsində kəlağayının UNESCO-nun milli-mədəni irsi siyahısına salınmasına nail olunmuşdur. "UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsi”nin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Azərbaycan kəlağayı sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. İnanırıq ki, bu sahənin mütəxəssisləri öz tədqiqatlarını genişləndirərək, min illərin yadigarı olan kəlağayı sənətinin daha da zənginləşməsi və dünyada tanıdılması yönündə töhfələrini verəcək.

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©