Qeydiyyat    Giriş
Giriş
» » Yol polisi də sürücülər kimi cərimələnəcək - Bir şərtlə ki...

Yol polisi də sürücülər kimi cərimələnəcək - Bir şərtlə ki...

Bölmə: Xəbərlər
Yol polisi sükan arxasında qayda pozursa, o da adi sürücülər kimi cərimələnəcək
Yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları ("miqalka") söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər. Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə "xüsusi imtiyazlı şəxs" kimi qaydaları pozmasının şahidi oluruq. Sputnik Azərbaycan-ın redaksiyasına gələn məktublarda da yol polisinin avtomobildəki sayrışan işıq siqnalları sönülü olduğu zaman çoxsaylı qayda pozuntularına yol verdikləri bildirilir. Sürücülər belə hallara rast gəlindikdə qayda pozan yol polisləri ilə bağlı kimə şikayət edilməli olduğunu soruşurlar.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, yol polisi sayrışan işıq siqnallarını yandırarsa, xüsusi əməliyyat yerinə yetirdiyi zaman qaydaları pozmaq hüququna malikdir: "Yol polisləri sayrışan işıqları yandıraraq işlə əlaqədar müəyyən qaydaları poza bilərlər. Amma sayrışan işıq siqnalları söndürdükdən sonra yol polisinin qayda pozması qadağandır. Yuxarı instansiyalar müəyyən yoxlanış zamanı qanunsuzluğu aşkar edərsə, qaydanı pozan polisləri cəzalandıra bilər". Ekspertin sözlərinə görə, yol polisi qaydaları pozarsa, bu zaman hadisənin şahidi olan istənilən sürücü 102-yə zəng edib yol polisinin qayda pozması ilə bağlı məlumat verə bilər: "Bir şərtlə ki, sürücünün əlində sübut olsun. Bu zaman həmin yol polisi cəzalandırıla bilər". "Yol polisi digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən çox üstünlüyə malikdir. Sürücünün avtomobili saxlayıb DYP-yə irad tutmağa ixtiyarı yoxdur. Eyni zamanda, digər sürücünün qanunu pozmasına da irad bildirə bilməz. Hər bir yol iştirakçısının öz hüquq və vəzifələri var. Amma sürücünün baş verən qanun pozuntusunun şəkil və ya videosunu çəkib aidiyyəti orqanlara təqdim etmək hüququ var. Bu zaman qanun pozan yol polisi cəzalana bilər" — deyə ekspert əlavə edib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da məsələnin bir neçə tərəfi olduğunu bildirib: "Yol hərəkəti qaydalarında, operativ nəqliyyat vasitələrinin (bunlara yanğın söndürən, təcili yardım, yol polisi və digərləri aiddir) xüsusi sayrışan işıq siqnallarını qoşaraq müəyyən işi icra etmək üçün qaydaları poza biləcəkləri qeyd edilir. Bu zaman bütün sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol verməlidirlər. "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsində deyilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri xidmət zərurəti ilə bağlı olduqda, təhlükəsizlik qaydalarına riayət etməklə qaydaları poza bilərlər. O cümlədən sükan arxasında telefonla da danışa bilərlər". "Amma bu, sırf işlə bağlı telefon danışığı olmalıdır. DYP əməkdaşı şəxsi məsələlərə görə sükan arxasında danışırsa, o zaman həmin yol polisi cərimə oluna bilər" — Hüseynov vurğulayıb. Onun sözlərinə görə, yol polisi qayda pozuntusuna yol verirsə, hər bir sürücünün 102-yə zəng edib bu haqda məlumat vermək hüququ var: "Aidiyyəti orqanlar bu məsələni aydınlaşdıracaq. Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnəcək. Araşdırma zamanı aydın olsa ki, yol polisi qaydaları pozmayıb, bu zaman şikayət edən sürücüyə aidiyyəti orqanlar tərəfindən məlumat verilir ki, sizin məlumatınız doğru deyil və ya yol polisi qaydaları xidməti zərurətdən irəli gələrək məcburi şəkildə pozub".
avtosfer.az

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©