Qeydiyyat    Giriş
Giriş
» » "Xəzər Lənkəran"ın kapitanı: "...utanırıq"

"Xəzər Lənkəran"ın kapitanı: "...utanırıq"

Bölmə: İdman / Xəbərlər

"Xəzər Lənkəran"ın kapitanı: "...utanırıq"

"Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXXII turunun "İnter”lə görüşünü zədə səbəbindən kənardan izlədiniz. Zədəniz nə zaman sağalacaq?
- Müayinədən keçmişəm, nəticələri gözləyirəm. Ola bilsin gələn həftə Lənkəranda "Rəvan”la keçiriləcək qarşılaşmada meydana çıxım.
- "İnter”ə 0:3 hesablı məğlubiyyətə necə şərh verərdiniz?
- Bizim üçün bu görüşlərin heç bir önəmi qalmayıb. Qarşıda 4 tur var və hamısı çətin olacaq. Artıq heç bir motivasiya, iddiamız yoxdur. Kubok da əldən getdi, çempionat da.
- "Qəbələ” ilə kubok matçında motivasiya var idi, amma komanda oynaya bilmədi. Ən vacib olan görüşdə uduzmağınıza səbəb nə idi?
- "Qəbələ” ilə hər iki görüşdə komanda öz səhvlərindən qol buraxdı. İnanın ki, rəqib bizdən heç də üstün oynamırdı. Sadəcə, özümüz heç nədən onlara imkan verdik ki, qapımıza qol vursunlar. Nəticəsi də göz qabağındadır.
- Azarkeşlər artıq hər görüşdə baş məşqçi Mustafa Dənizlini istefaya səsləyirlər. Onları haqlı sayırsınız?
- Əlbəttə, onları başa düşürəm, qələbə istəyirlər. Amma futbolda qələbə də olur, məğlubiyyət də.
- Düzdü, amma "Xəzər Lənkəran” son 6 oyununda qələbə görməyib...
- Komandasının uduzmasını kim istəyər? Bəyəm, biz məğlub olmağı arzulayırıq? Bu biabırçılıqdan utanırıq, 7-ci yer komandanın adına yaraşmır.
- Kapitan kimi heç futbolçulardan soruşmusunuz ki, niyə bu qədər kobud səhvlərə yol verirsiniz?
- Bu sualı gərək rəhbərlik və baş məşqçiyə verəsiniz. Çünki komandaya futbolçunu onlar gətirir.
- Futbolçuların Mustafa Dənizliyə qarşı çıxmaları, bilərəkdən oynamamaqları düzdü?
- Mən belə bir şeyə şahidlik etməmişəm. Ola bilsin onun yaratdığı nizam-intizam futbolçuları sıxdığı üçün nəsə çətinlik yaransın. Amma heç kim ondan narazı deyil.
- Ciddi nizam-intizam problemlərə səbəb ola bilər. Bəlkə buna dözməyən futbolçular var?
- Əgər futbolçu özünü peşəkar sayırsa, bu nizam-intizama dözməlidir. Buna öyrəşmək lazımdır. İşimiz budur. Komandada məşqçinin dedikləri qanun sayılmalıdır. Hər kəs bu qərarları qəbul edib. Düzdü, hamı sərbəstlik istəyir, amma peşəkar olmaq lazımdır.
- Mövsümdə 4 əhəmiyyətsiz oyununuz qalıb. Bu qarşılaşmalara hazırlaşmaq çətin olmayacaq?
- Həmin oyunlarda qələbə qazansaq və ya uduzsaq nə dəyişəcək ki? Amma meydana çıxmışıqsa, mütləq qələbə qazanmalıyıq.  
- Avrokuboklarda iştirak etmədiyinə görə komandanızın vaxtı çox olacaq. Bu, həm istirahət, həm də hazırlıq baxımından sizə nə qədər kömək edəcək?
- Niyə ki, avrokuboklara da getsəydik vaxt olacaqdı. Amma indiki vəziyyətdə ancaq növbəti mövsümə hazırlaşmaq qalır. Gələn mövsüm planlarımız daha ciddi olacaq. Bizim komanda həmişə yüksək yerlər üçün oynayıb.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©