
D. Medvedyev: «Rusiya Azərbaycana dost və qonşu ölkə kimi Qarabağ məsələsinə öz töhfəsini verməyə hazırdır»
Bakıda
rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyevin rəsmi
qarşılanma mərasimi olub. Rusiyanın dövlət başçısı və xanımını Svetlana
Medvedevanı prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
qarşılayıb. Azərbaycanla Rusiyanın dövlət və hökumət nümayəndələri
dövlət başçılarına təqdim olunub. Daha sonra prezidentlər-İlham Əliyev
və Dmitri Medvedevin təkbətək görüşü keçirilib. Sonra görüş nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. «Rusiya
prezidentinin səfərinə çox böyük əhəmiyyət veririk» deyən prezident
İlham Əliyev bu səfərin çox yaxşı nəticələri olacağına əminliyini
bildirdi. Dövlət başçısı qeyd etdi ki, iki ölkə arasında münasibətlər
təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən proseslər
üçün vacibdir. Prezident dedi ki, bu münasibətlər bizim üçün çox
əhəmiyyətli, çox qiymətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri,
dostlar arasında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı
nəticələri olacaq, imzalayacağımız sənədlər əlaqələrimizin daha da
inkişafı üçün çox möhkəm baza yaradacaq. Rusiya prezidenti Dmitri
Medvedev Azərbaycan tərəfinin danışıqların səmərəli keçməsi üçün hər
cür şərait yaratdığını dedi.
Rusiya
prezidenti diqqətə çatdırdı ki, regional təhlükəsizliyin təmin edilməsi
məsələləri ilə yanaşı, iki ölkə arasında əməkdaşlığın iqtisadi
komponentinə daha artıq diqqət yetirmək olar. Ötən il böhranla əlaqədar
iki ölkə arasında ticarət dövriyyəsi üçün o qədər də sadə il
olmayıb-ticarət dövriyyəsi azalıb» deyən Dmitri Medvedev vurğulayıb ki,
bu il müsbət meyillər var. Rusiyanın dövlət başçısı deyib ki, həmin
meylləri möhkəmlətmək üçün tərəflər lazım olan hər işi görməli, yeni
layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə
fikirləşməlidir. Təkbətək görüş zamanı prezidentlər bəzi ideyaları
müzakirə edib. Danışıqlardan sonra Azərbaycan-Rusiya sənədlərinin
imzalanması mərasimi oldu. Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom”
Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha
əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş imzalandı. Sazişə əsasən
2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq.
İki ölkə arasında Samur transsərhəd çayının rasional istifadəsi və
mühafizəsi haqqında saziş, eləcə də Rusiya və Azərbaycan dövlət
sərhəddinin haradan keçəcəyini müəyyənləşməsi haqqında saziş imzalandı.
Dövlət başçıları dövlət sərhəddi ilə bağlı müqaviləni imzaladı. Daha
sonra ölkə başçılarının mətbuat konfransı keçirildi. Prezident İlham
Əliyev bildirdi ki, qarşılıqlı səfərlər Azərbaycanla Rusiyanın
bir-birilə əməkdaşlıqda maraqlı olduğunu göstərir. Rusiya prezidenti
Dmitri Medvedyev isə dedi ki, bu gün Azərbaycan və Rusiya
münasibətlərinin tarixində mühüm günlərdən biridir. İlk növbədə ona
görə ki dövlət sərhədi ilə bağlı sazişə imza atıldı. Bununla da
Azərbaycan ilk belə müqaviləni Rusiya ilə imzalamış oldu. Bu isə iki
ölkə arasındakı münasibətlərin tərəfdaşlıq xarakteri daşıdığını bir
daha nümayiş etdirir. Sonra Rusiya prezidenti Dmitri Medvedyev İctimai
Televiziyanın sualını cavablandırdı.
«Cənab
prezident, Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri
sizin Ermənistana səfərinizin nəticələri və orada imzalanan protokolla
bağlıdır. Eləcə də Rusiyanın Gümrü hərbi bazası ilə bağlı imzalanan
müqaviləyə əlavə edilən dəyişikliyi necə şərh edə bilərsiniz?»,-
sualına cavabıda Dmitri Medvedyev deyib ki, bu barədə Azərbaycan
prezidenti ilə müzakirələr aparıb: «Qafqazda sabitliyin qorunması
Rusiya üçün çox önəmlidir. Çünki Rusiya da Qafqazın xəzəryanı
ölkəsidir. Ona görə də biz Qafqazda sülhün bərqərar olmasında
maraqlıyıq. Elə bu məqsədlə də bu protokol imzalandı. Burada heç bir
gizli və ya digər niyyət yoxdu. Bu ancaq müqavilənin müddətinin
uzadılmasıdır. Bu sənəddə təzə heç nə yoxdu. Məqsədimiz Qafqazda
sabitliyi qorumaqdı. Və gələcəkdə də biz bölgədə vəziyyəti
yaxşılaşdımaq üçün müvafiq strukturlara tapşırıqlar verəcəyik.
Prezidentlər
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxundular.
Prezident İlham Əliyev bildirdi ki, uzun illərdir Azərbaycanın
torpaqları işğal altındadır: «Azərbaycan vətəndaşlarına qarşı etnik
təmizləmə siyasəti aparılıb. Beynəlxalq qurumların qətnamələrinə
baxmayaraq torpaqlar hələ də işğal altındadır. Bu münaqişə beynəlxalq
hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunmalıdır. Mən Dmitri Medvedyevə Azərbaycan, Rusiya və Ermənistan
prezidentləri arasında 3 tərəfli görüşün keçirilməsindəki dəstəyinə
görə təşəkkür edirəm. Əminəm ki, Rusiya prezidentinin şəxsi iştirakı
danışıqlarda səmərəli rol oynayır. Ümidvaram ki, Ermənistan tərəfi
konstruktivlik nümayiş etdirəcək. Ümid edirəm ki, Rusiya bu istiqamətdə
öz səylərini artıracaq».
Medvedyev
isə son zamanlar Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan
arasındakı danışıqlar prosesinin xeyli intensivləşdiyini söyləyib: «Bu
danışıqlar zamanı dəyərli müzakirələr aparılıb. Hazırda danışıqların
davam etməsi də məhz həmin səylərin nəticəsidir. Rusiya həm ATƏT-in
Minsk qrupunun həmsədri kimi, həm də Azərbaycana dost və qonşu ölkə
kimi bu məsələyə öz töhfəsini verməyə hazırdır. Bu istiqamətdə ən çətin
sualları müzakirə etməyə hazıram. Gələcəkdə də həmin danışıqlar həm
nazirlər, həm də prezidentlər səviyyəsində davam etdiriləcək».
Rusiya
prezidenti Dmitri Medvedyev ötən ay Rusiyanı bürüyən meşə yanğınlarının
söndürülməsində Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham
Əliyevə təşəkkürünü də bildirdi.
Xatırladaq
ki, Dmitri Medvedev Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət
Universitetində olub. Rusiya prezidentinə universitetin fəxri doktoru
diplomu təqdim edilib. Daha sonra “Gülüstan” sarayında Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyevanın adından Rusiya prezidenti Dmitri
Medvedev və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil
olunub. Hər iki ölkənin prezidenti mərasimdə çıxış edib. Azərbaycan
prezidenti bildirib ki, Rusiya və Azərbaycan dövlət başçılarının
qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına təkan verir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Rusiya siyasi,
iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər
çərçivəsində imzalanacaq sənədlər münasibətlərin gələcək inkişafında
mühüm rol oynayacaq. 2009-cu ildə dünya iqtisadi böhranının ağır
nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət
dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən
dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Rusiyanın rolundan danışıb. Azərbaycanı Rusiyanın
strateji tərəfdaşı adlandıran Dmitri Medvedev isə bildirib ki, səfər
zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da
möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın
güclənməsinə xidmət edəcək.
Qeyd
edək ki, ikitərəfli danışıqlar zamanı Azərbaycan və Rusiya
prezidentləri enerji sahəsində ikitərəfli əməkdaşlığa həsr olunmuş
sammit keçirilməsi haqqında da razılığa gəliblər. Rusiya prezidenti
Dmitri Medvedevin sözlərinə görə, sammitdə qaz, neft və
elektroenergetika sahəsində əməkdaşlıq məsələlərinə toxunula bilər.
Prezident İlham Əliyev isə qeyd edib ki, rəsmi Bakı Azərbaycandan
Rusiyaya nəql olunan təbii resursların həcminin artırılacağına ümid
edir və energetika sahəsində Rusiya ilə əməkdaşlığın uzunmüddətli,
strateji və qarşılıqlı maraqlara cavab verən olduğunu düşünür.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini